Avropa Liqasında finalçılar müəyyənləşir: “Arsenal” Bakıdakı kimi final oynayacaqmı?

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Oxu.Az xəbər verir ki, turnirin yarımfinal mərhələsinin cavab oyunları paytaxt şəhərlər olan London və Romada keçiriləcək.

“Arsenal” İspaniyada uduzduğu “Vilyareal”a istənilən hesabla qalib gəlməklə iki il əvvəl Bakıdakı kimi final oynamaq istəyir. Ancaq komandada itkilər var. İspaniyalı Dani Sebalyos ötən matçda qırmızı vərəqə aldığından, braziliyalı müdafiəçi David Luiz çempionat matçında yenidən zədələndiyindən bu matçda forma geyinə bilməyəcək. Fransalı hücumçu Aleksandr Lakazet və şotlandiyalı müdafiəçi Kiran Tirni isə artıq sağalsa da, meydana çıxacaqları sual altındadır.

“Vilyareal”da isə ötən matç qırmızı vərəqə alan Etyen Kapudan başqa, Xuan Foyt və İboranın zədəsi olduğundan oynamayacaqları dəqiqdir.

Yarımfinalın digər oyunu isə formal xarakter daşıyacaq. Çünki “Roma” finala çıxmaq üçün mütləq şəkildə “Mançester Yunayted”i ən yaxşı halda 4:0 məğlub etməlidir. Üstəlik, “Roma”da səkkiz futbolçu zədə üzündən oynamayacaq. Ona görə də Mançester klubunun dörd il əvvəl olduğu kimi final oynayacağı dəqiqdir.

UEFA Avropa Liqası

1/2 final (cavab oyunları)

23:00 “Arsenal” (İngiltərə) – “Vilyareal” (İspaniya)

İlk oyun – 1:2

23:00 “Roma” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə)

İlk oyun – 2:6

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

Səbuhi Musayev

Источник: az

Рейтинг
( Пока оценок нет )
Yeni Azərbaijcan.